top of page
               Sual və təklifləriniz üçün

Your details were sent successfully!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili

Səttar Suliddin oğlu Mehbalıyev

1955-ci ildə anadan olmuşdur. 1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980-ci ildən 1993-cü ilə qədər Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmiş, 1991-ci ildə isə demokratik seçki nəticəsində Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir. 

Respublikamız müstəqillik qazandıqdan sonra ölkənin bütün sahələrində olduğu kimi həmkarlar ittifaqlarında da islahatların həyata keçirilməsi zərurəti yaranmışdır. 1992-ci ildə S.Mehbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədi ilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S.Mehbalıyev AHİK-in sədri seçilmişdir. 1998-2003-2008-ci illərdə AHİK-in I-II və III qurultaylarında yenidən bu vəzifəyə seçilmişdir. 2006-cı ildə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Məclisində İttifaqın sədri seçilmişdir.

S.Mehbalıyev AHİK-in sədri seçildikdən sonra həmkarlar ittifaqında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında müstəsna əmək sərf etmişdir. S.Mehbalıyevin səyi nəticəsində AHİK MDB məkanında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına ilkin üzv olan təşkilatlardan biridir.

S.Mehbalıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.

Milli Məclisin deputatı, respublikada aparılan islahatlarla bağlı yaradılmış bir sıra dövlət komissiyalarının üzvüdür. Elmi məqalələri var. Bir sıra dərsliklərin və tədris metodiki vəsaitlərin müəllifidir. İqtisad elmləri doktoru, professordur.

Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Fransa, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Respublikası Milli Məslisinin İqtisadi Siyasət Daimi Komitəsinin, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Sədrlər Şurasının, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

Azərbaycan Respublikasının «Şöhrət» ordeni, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının gümüş   medalı, Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni və Neftqaztikinti həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı ilə təltif olunmuşdur.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 2014-cü il mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində keçirilmiş 3-cü qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S. Mehbalıyev qurumun vitse-prezitenti seçilmişdir.

 Evlidir, üç övladı var.

bottom of page